Select Page

Vyana görüşündən sonra Ermənistan rəhbərliyi yenidən danışıqların pozulmasına cəhdlər göstərməkdədir. Düzdür, xarici işlər nazirlərinin Rusiyada bir araya gəlməsi ilə bağlı anlaşma əldə olunub, amma rəsmi İrəvan paralel olaraq təxribatlarını davam etdirir. Qarabağ məsələsi ilə bağlı Ermənistanla yox, birbaşa Rusiya ilə danışıq aparmağımızı təklif edən BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

– Qüdrət bəy, Azərbaycan və Ermənistan liderləri arasında Vyanada ilk rəsmi danışıqlar baş tutdu. Amma bu danışıqlardan sonra Ermənistan rəhbərliyi təxribatlara əl atdı. İrəvanın bu davranışlarını necə qiymətləndirirsiniz?

– Mən həmişə demişəm ki, Ermənistanın güc strukturları və xüsusi xidmət orqanları Rusiyaya ciddi şəkildə bağlıdır. Köçəryan da, Sərksiyan da hərbi səhra komandirləri kimi Rusiyanın hərbi sənaye kompleksinin müəyyən dairələri tərəfindən idarə olunur. Ona görə də Ermənistanda nə hərbçilər, nə də artıq “böyük Ermənistan” xəstəliyinə yoluxdurulan erməni xalqı heç bir liderə imkan verməz ki, indiki şəraitdə Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüquqa əsaslanan bir mövqe sərgiləsin və Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxartsın. Hazırda biz nə müşahidə edirik? İşğal olunmuş Dağlıq Qarabağ ətrafındakı rayonlar da ermənilər tərəfindən məskunlaşdırılır, oraya investisiya qoyulur. Ağdam, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər rayonlarda məskunlaşma prosesi sürətlə davam etdirilir. Erməni diasporu da bu işdə yaxından iştirak edir. Ermənistana verilən təminat və onların həyasızlığı imkan verir ki, bu şəkildə məskunlaşma siyasətini həyata keçirsinlər. Dəfələrlə söyləmişəm ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli həlli yoxdur. Yəni biz ən azı Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlardan bir neçəsini azad etməliyik ki, Ermənistan xalqı bu probleminin sülh yolu ilə həllinə razılıq versin. Desin ki, yaxşı, erməniləri Dağlıq Qarabağdan qovub çıxartmayın, onlara orda status verin və biz də sülh bağlayaq. Hazırda bunun başqa alternativi yoxdur. Nəzəri baxımdan əlbəttə, alternativ var ki, beynəlxalq birlik, Minsk Qrupunun həmsədrləri ciddi şəkildə Ermənistana təzyiq etsinlər və Ermənistan geri çəkilsin. Amma bu, heç vaxt olmayacaq. Həm Minsk Qrupunun həmsədrlərinin öz arasındakı ziddiyyətlər, maraqların toqquşması, həm Ermənistanın bir xristian ölkəsi kimi Türkiyə və Azərbaycan arasına girməsi faktı var. Son 100 ildə də Ermənistan öz ərazilərini Azərbaycan torpaqlarının hesabına az qala üç dəfədən çox artırıb. Əgər Dağlıq Qarabağ və ətraf əraziləri də öz nəzarəti altında saxlaya bilsə, artıq öz ərazilərini Azərbaycanın hesabına daha 2 dəfə artırmış olacaq. Dünyada baş verən proseslər də erməniləri ümidləndirir. Zaman Azərbaycanın əleyhinə işləyir. Əgər 25 il ərzində aparılan danışıqlar siyasəti özünü doğrultmursa, o zaman bu siyasət dəyişməlidir.

– Yəni danışıqlar vaxt itkisi deməkdir?

– Bəli, danışıqlar mənasız bir işdir. Ona görə də gedib işğalçılarla üz-üzə oturub vaxt itirməyə dəyməz.

– Paşinyan ilk dəfə idi rəsmi danışıqlarda iştirak edirdi. Bu mənada bir gözlənti var idi ki, onun əlləri qana batmayıb, fərqli simadır…

– Yox. Mən hələ danışıqlardan öncə mətbuata müsahibəmdə demişdim ki, biz erməni xalqını işğal olunmuş ərazilərdə məğlub etməsək, Paşinyan olmur, kim olur-olsun, nə qədər sülhpərvər insan gəlir-gəlsin, ürəyində düşünər, bəli, biz qonşu dövlətin torpaqlarını işğal etmişik, onu azad etməliyik, ancaq ona heç kim imkan verməz. Ya onu fiziki baxımdan terror edib aradan götürəcəklər, ya da ki, həmin şəxsi dərhal hakimiyyətdən devirəcəklər. Bizim də işimiz o olacaq ki, daha bir il gözləyək yeni seçkilər olsun, yeni lider seçilsin, hökumətini formalaşdırsın, sonra onu danışıqlar masası arxasına gətirək və onunla danışıqlara başlayaq. Bundan sonra növbəti hakimiyyət dəyişikliyi olacaq. Yəni bu, sadəcə olaraq zaman itkisindən başqa bir şey deyil.       Daha ətraflı