Select Page
Rusiya raket kompleksini yox edən silah Azərbaycanda: Ermənistanı silkələyən “GECƏ QATİLLƏRİ”

Yanvarın 21-də gecə saatlarında Suriyada İsrail tərəfindən məhv edilən Rusiya istehsalı “Pantsir-S1” zenit-raket kompleksi İsrailin “SkyStriker” pilotsuz uçuş aparatı ilə vurulub.

AzEnglishNews.com xəbər verir ki, bu barədə “İzvestiya” nəşrində hərbi ekspert Vladislav Şurıqin yazıb.

Şurıqinin sözlərinə görə, bu döyüş sursatının tətbiqi gündüz vaxtı müəyyən problemlər yaradır, çünki onu hətta atıcı silahla vurmaq mümkündür. Lakin ekspert qeyd edir ki, gecə vaxtı “kamikadze-dron” “sürüsünün” hücumu rəqib üçün ciddi problem yarada bilər.

Məlumata görə, yanvarın 21-də yerli vaxtla 02:11-dən 02:56-ya qədər İsrail hərbi aviasiyası qonşu dövlətin qərb, cənubi-qərb və cənub hissələrinə hücum edib. İsrail hərbçiləri Suriyanın hava hücumundan müdafiə güclərinin iki kompleksinin məhv edilməsinin videoyazısını dərc ediblər. Onlardan biri “Pantsir-S1” artilleriya-raket kompleksinin olduğu bildirilir.

Rusiyanın müasir silah komplekslərindən birinin “SkyStriker” pilotsuz uçuş aparatı ilə vurulması Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan üçün ciddi təşviş yaradan hadisə sayıla bilər. Çünki, Azərbaycan Silahlı Qüvvələri öz cəbbəxanasını İsrailin “Elbit Systems” şirkətinin istehsal etdiyi “SkyStriker” idarə olunan uçuş aparatları ilə zənginləşdirib. Bu barədə ötən günlərdə İsrailin “Jerusalem Post” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Azərbaycan sözügedən hərbi komponenti əldə edən ilk xarici ölkədir.

“Kamikadze dron” o qədər də böyük olmayan pilotsuz uçuş aparatıdır. O, itələmə qüvvəsi verən propeller və elektrik mühərriki ilə təchiz edilib. Çəkisi 35 kiloqram, müxtəlif məqsədli döyüş hissələri isə 5 kiloqramdan 10 kiloqrama qədərdir.

“SkyStriker” iki saata qədər havada qala bilir. Dronu idarə edən şəxs onu hədəfə doğru yönəldə, praktiki olaraq təmas nöqtəsinə çatdıra bilər və eyni zamanda, hücumu ləğv etmək imkanına da malikdir. Uçuş vaxtı diqqətə layiq hədəf müəyyən edilməyibsə, PUA geri qayıda və paraşütün köməyi ilə yerə enə bilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun ixtiyarında artıq İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətinin istehsalı olan “Harop” və “Aeronautics Defense Systems” (ADS) şirkətinin istehsalı olan “Orbiter 1K” (“Zərbə-K”) birdəfəlik kiçik zərbə PUA-ları var. 2016-cı ilin aprelində dördgünlük müharibənin gedişində həmin PUA-lardan erməni mövqelərinə zərbələrin endirilməsində istifadə edilib. “Harop”dan fərqli olaraq, “SkyStriker” və ADS “Orbiter 1K”, demək olar ki, səssizdirlər, belə ki, elektrik mühərrikləri ilə hərəkətə gətirilirlər.

Hərbi ekspert, “Avrasiya.Ekspert” portalının müəllifi Aleksandr Yermakovun sözlərinə görə, dronun taktiki üstünlüklərindən biri sutkanın qaranlıq vaxtlarında kiçik hədəflərə qarşı təkbaşına gizli zərbələr endirmə qabiliyyətinin olmasıdır.

“Elbit Systems” isə İsrail Hərbi sənaye kompleksinin PUA istehsalı üzrə ixtisaslaşmış dünyaca məşhur şirkətidir. O, İsrail silahlarını istehsal edən bəlkə də dünyanın ən böyük və ən məşhur özəl silah istehsalçısıdır.

Publika.az