Select Page

Rəsmi Tehran: “Danışıqlara hazırıq”

Ötən ay Səudiyyə Ərəbistanının neft obyektləri İran silahları ilə vuruldu. Hücum Yəməndəki husi-şiə üsyançıları tərəfindən həyata keçirildi. Onlar isə İranın təsiri altında fəaliyyət göstərir. Heç şübhəsiz ki, bu hücum İranın sifarişi idi. Və bu hücum neft bazarında ciddi çaxnaşma yaratdı.

Sirr deyil ki, Səudiyyə Ərəbistanı ilə İran arasında on illər ərzində artan düşmənçilik və nüfuz uğrunda rəqabət Yaxın Şərqi müharibə həddinə gətirib çıxarıb. Gərginliyi azaltmaq üçün səy göstərmək lazım idi və belə bir addım atıldı.

ABŞ-ın ən nüfuzlu qəzetlərindən olan “The New York Times” bu məsələ ilə bağlı geniş təhlil yazısı hazırlayıb. Həmin məqalənin diqqətçəkən hissələrini təqdim edirik.

Səudiyyə Ərəbistanı ilə İran arasındakı hər hansı bir barışığın əldə olunması bölgədəki qarşıdurmanın azalmasına gətirib çıxara bilər.

Prezident Tramp Səudiyyə və digər varlı körfəz ölkələrinin təkidi ilə İrana qarşı qisas əməliyyatı keçirməkdən imtina etdi. Üstəlik, anti-İran mövqeyi ilə tanınan milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərdi. Analitiklərin fikrincə, bu amil Səudiyyə Ərəbistanını münaqişənin həlli üçün yeni variant tapmağa sövq etdi. Bu isə cənab Trampın İranı təcrid etmək üçün bir Ərəb İttifaqı qurmaq səyinin iflası deməkdir.

Son həftələrdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İraq və Pakistan rəhbərlərinə üz tutdu. Hər iki ölkənin liderindən iranlı həmkarları ilə bu mövzusunda danışıqlara başlamaq üçün rica edildi.

İran isə daha öncə Səudiyyə Ərəbistanı ilə danışıqlara hazır olduğunu açıq şəkildə ifadə etmişdi.

Cümə günü “The New York Times” qəzetinə verdiyi açıqlamada Səudiyyə hökuməti yetkilisi İraq və Pakistana iki ölkə arasında vasitəçilik etmək təklifində bulunduqlarını etiraf etsə də vəliəhd Məhəmməd Salmanın bu təşəbbüsdə iştirakını təkzib etdi.

İrana qarşı “maksimum təzyiq” kampaniyası aparan Səudiyyə rəsmi Tehranın nüvə proqramını məhdudlaşdırmağa və Yaxın Şərqdə dəstək verdiyi bəlli mərkəzlərlə İranın əlaqələrini zəiflətməyə çalışırdı.

Pakistanın Baş naziri İmran Xan keçən ay Ciddə şəhərində Səudiyyə Ərəbistanının de-fakto hökmdarı Şahzadə Məhəmməd ilə görüşdü. Günlər sonra BMT Baş Məclisində iştirak edən baş nazir jurnalistlərə şahzadə Məhəmmədin İranla danışıqlar aparmaq üçün ondan xahiş etdiyini söylədi.

“Müharibədən çəkinmək istəyirəm”, vəliəhd baş nazirə belə deyib. Baş nazir isə BMT Baş Məclisində İran prezidenti Həsən Ruhani ilə görüşüb və vəliəhdin mesajını ona çatdırıb.

İraqın baş naziri Adil Əbdül Mehdi Səudiyyə Ərəbistanına səfərdə olarkən ona da eyni məsələ ilə bağlı vasitəçilik etmək üçün müraciət olunub. İraq baş naziri Bağdada döndükdən sonra jurnalistlərə bildirib ki, vəliəhd İraq paytaxtını Səudiyyə-İran danışıqları üçün uyğun bir məkan hesab edir. Cənab Adil Mehdi bu prosesin müsbət sonluqla yekunlaşacağına inamını da ifadə etmişdi.

İran parlamentinin rəhbəri Əli Laricani isə “Al-Jazeera”yə bugünlərdə belə demişdi: “İran Səudiyyə Ərəbistanı və bölgənin digər ölkələri ilə danışıqlara açıqdır. İran-Səudiyyə danışıqları bölgədə mövcud olan siyasi və təhlükəsizliklə bağlı problemlərin bir çoxunu həll edə bilər”.

“The New York Times” xatırladır ki, vəliəhd bir vaxtlar İranı Yaxın Şərqdə mövcud olan bütün problemlərin səbəbkar kimi təqdim edirdi. O, İranın ali dini liderini Hitlerlə müqayisə etməkdən belə çəkinməmişdi: “Biz İran rejiminin əsas hədəfiyik”, 2017-ci ildə vəliəhd belə demişdi. “Biz gözləməli deyilik ki, İran Səudiyyə Ərəbistanına hücum etsin. Əksinə, biz çalışacağıq ki, bu müharibə İran ərazisində olsun”.

Tehranı təmsil edən siyasi analitik Səid Şəriəti deyir ki, Səudiyyə və İran gərginliyin son həddinə çatıb. Hər iki tərəf bu gərginliyin ölkə maraqlarına zidd olduğunun fərqindədir.

Prezident Həsən Ruhani isə BMT-də etdiyi çıxışında ərəb ölkələrinə müraciət edərək dedi ki, İran İslam Respublikası sizin qonşunuzdur, Amerika yox. Biz həmişə bir yerdə olacağıq. (Musavat.com)