Hizbullah ın qurucularından biri: “Əliəkbər Vilayətidən İranın niyə Ermənistanı müdafiə etdiyini soruşanda Türkiyənin qarşısını almaq üçün dedi”
Livanın İrana bağlı “Hizbullah” yaraqlı dəstəsinin qurucularından olan Şeyx Sübhi Tofəyli İranın Qarabağ münaqişəsində tutduğu mövqe ilə bağlı sensassiya sayıla biləcək açıqlamalar verib.
Livanda Hizbullahın ilk baş katibi olmuş siyasətçi və ruhani Şeyx Tofəyli “Anadolu” agentliyinə verdiyi müsahibədə Ermənistanın 1990-cı illərdə Qarabağı işğal etdiyi zaman özünün İranda olduğunu və İranın o vaxtkı rəhbərliyinin və mətbuatının Ermənistanı dəstəklədiyini müşahidə etdiyini bildirib.
Şeyx Sübhi Tofəyli, hətta Ermənistanın o vaxtkı baş nazirinin “əgər İran olmasaydı, biz 1990-cı illərdə məğlub olardıq” sözlərini xatırladaraq deyib ki, İran Azərbaycan torpaqlarının işğal edilməsi üçün Ermənistana hərbi və logistik dəstək verib.
“O dövrdə İranın xarici işlər naziri olan Əli Əkbər Vilayəti ilə söhbət etdik. Ondan soruşdum ki, niyə bu məzlum müsəlmanlar qarşısında xristian erməniləri müdafiə edirsiniz? Onun mənə cavabı isə sözün həqiqi mənasında belə oldu ki, Ermənistan Azərbaycan, Türkmənistan və Sovet İttifaqından ayrılmış digər türk respublikaları ilə Türkiyə arasında əngəldir. Buna gör də biz Türkiyənin qarşısını almaq üçün Ermənistanı müdafiə edib gücləndirəcəyik. Həmin vaxt Azərbaycan hələ yeni qurulan bir ölkə idi və o vaxt hələ orada İsrail adında bir qüvvə yox idi”, – deyə Tofəyli vurğulayıb.
O əlavə edib ki, 1996-cı ildə, hətta İranla İsrail arasında Fələstin ərazisində heç bir israilli əsgərə ziyan vurulmaması öhdəliyi ilə bağlı müqavilə də imzalanıb.
Şeyx sonda İrana səslənib: “Bu gün deyirsiniz ki, İsrailə görə Azərbaycanla probleminiz var. Ancaq bunların hamısı yalandır. İranın yürütdüyü siyasət dürüst deyil, dağıdıcıdır. Buna görə də İranın bir çox siyasətinin, hətta özünə belə xeyri olmadığı göz qabağındadır”.